NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 

Ümummilli liderin xatirəsinə həsr olunmuş idman dırmanması üzrə muxtar respublika turniri keçirilib. Yeniyetmə və gəncləri əhatə edən yarış şəhər və rayon mərhələlərində ilk üç yeri tutan idmançıların iştirakı ilə reallaşıb.
Gənclər və İdman, Təhsil nazirlikləri ilə Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən birgə təşkil olunan yarış ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, muxtar respublikada hava və ekstremal idman növlərinin təbliği və istedadlı idmançıların üzə çıxarmaq məqsədilə keçirilib.
Nəticələrə gəlincə, Naxçıvan şəhərini təmsil edən Süleyman İsmayılov ən yaxşı göstərici ilə turnirin qalibi olub. Şahbuz idmançısı Murad Əliyev ikinci sırada qərarlaşıb. Ordubad təmsilçisi Mehdi Əliyev isə üçüncü olub.
Mükafatlandırmadan öncə gənclər və idman naziri Ramil Hacı və federasiya sədri Mayis Əliyev çıxış edərək Azərbaycan idmanının dünənki və bugünkü inkişafında ümummilli liderin misilsiz xidmətləri olduğunu xatırladıblar. Qədim idman ənənələri ilə seçilən ölkəmizdə gənc nəslin idmana cəlbinə daim önəm verilməsi, bu sahədə müasir metodların tətbiqi və qazanılan uğurların dövlət siyasətinin ardıcıl icrası sayəsində reallaşdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu siyasi istiqamətlər üzrə muxtar respublikada da məqsədyönlü işlər görülür. Bunun nəticəsidir ki, hər il idman infrastrukturu müasirləşdirilir, müxtəlif layihələr həyata keçirilir və nailiyyətlər qazanılır. Naxçıvanın təbii coğrafi relyefinin ekstremal idman növləri üçün əlverişli olması əsas verir ki, burada həm müvafiq idman növləri, həm də ekstremal turizm inkişaf etdirilsin. Perspektivlər nəzərə alınmaqla hər iki sahədə aktiv fəaliyyət davam etdirilir.
Çıxış edənlər muxtar respublikada gənclərin hərtərəfli inkişafı və idmana göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını ifadə ediblər.
Ardınca ilk üçlükdə qərarlaşan idmançılara diplom və hədiyyələr, həvəsləndirici yerə layiq görülənlərə isə fəxri fərman təqdim edilib. Qalib iştirakçıya “Heydər Əliyev Kuboku” təqdim olunub.