08 noyabr 2018-ci il tarixdə Şərur rayon Tənənəm kəndinin ərazisində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Qazma mağarasına 9 noyabr "Dövlət Bayrağı Günü”nə həsr olunmuş ekstremal idman yarışı üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən birincilikdə ali və orta ixtisas təhsili müəssisələrindən və Şərur rayon fizika-riyaziyyat təmayüllü liseydən 80-nə yaxın tələbə və şagird iştirak edib. Yarışdan əvvəl Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin əməkdaşı və Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxış edərək keçirilən yarışın mahiyyətindən danışıblar.
Yarış əsasnaməyə uyğun olaraq 3000 metr məsafə üzrə təyin olunub. Yekunda oğlanlar arasında Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Mehdiyev Əkbər birinci, Naxçıvan Universitetinin tələbəsi Babayev Abbas ikinci, Naxçıvan Tibb Kollecinin tələbəsi Əliyev Xadim üçüncü yerin, qızlar arasında isə Naxçıvan Dövlət Universitetinin tələbəsi Nazlıcan Çakır birinci, Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri Abbasova Telli ikinci, Babayeva İlkanə üçüncü yerin qalibi olublar. Yarışın qaliblərinə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.