NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

5 mart 2019-cu il tarixdə Muxtar Respublika Stadionunda “5 mart-Bədən tərbiyəsi və İdman günü” münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin oğlan idmançıları arasında velosiped idman yarışı üzrə şəhər birinciliyi keçirilmişdir. Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 15 tam orta məktəbdən 50-yə yaxın idmançı iştirak etmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək “5 mart-Bədən tərbiyəsi və İdman günü” münasibətilə idmançıları təbrik etmiş, onlara uğurlar arzulamışdır. Daha sonra Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov çıxış edərək birinciliyin qaydaları haqqında idmançılara məlumat vermiş və onlara qalibiyyət sevinci arzulamışlar. Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən İldırım Tarverdiyev (7№-li tam orta məktəb) I yerə, Nurlan Muradov (7№-li tam orta məktəb) II yerə, İbrahim Məmmədli (7№-li tam orta məktəb) III yerə layiq görülmüşlər. Sonda qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları, federasiyanın isə diplom və hədiyyələri təqdim olunmuşdur.