16 mart 2017-ci il tarixdə Kəngərli rayonunun yaradılmasının 13-cü il dönümünə həsr olunmuş ekstremal idman yarışı üzrə Kəngərli rayon birinciliyi keçirilmişdir. Yarış Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölməsinin, rayon İdman idarəsinin və rayon Təhsil şöbəsinin birgə iştirakı ilə təşkil olunmuşdur.
Birincilikdə iştirak etmək üçün rayonun ümum təhsil müəssisələrinin şagirdləri və rayon gəncləri, ümumilikdə 147 idmançı rayon bölməsinə müraciət etmişlər. Ekstremal idman yarışı Qıvraq qəsəbəsində “Qarabağlar Türbəsi”nə qədər olan 4 km məsafədə keçirilmişdir. Qızlar və oğlanlar arasında keçirilən ekstremal idman yarışında qaliblər diplomlarla, fəxri fərmanlarla və hədiyyələrlə mükafatlandırılmışlar. Tədbirin sonunda yarış iştirakçılarına “Qarabağlar Türbəsi” haqqında geniş məlumat verilmişdir.
07 mart 2017 ci il tarixdə Naxçıvan MR ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin tələbə və şagirdləri arasında 05 mart Bədən tərbiyəsi və idman gününə həsr olunmuş Spelio (mağara) turizm yarışı üzrə Naxçıvan MR birinciliyi keçirilmişdir. Birincilik Naxçıvan – Duzdağ mağarası avtomobil yolunda oğlanlar arasında 8 kilometrlik, qızlar arasınad 4 km məsafədə təşkil olunmuşdur.
Yarışı Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilmişdir. Yarışı giriş sözü ilə Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov açmışdır. O, Federasiyanın üzvlərini və yarış iştirakçılarını 05 mart Bədən tərbiyəsi günü münasibəti ilə təbrik etmiş və keçiriləcək yarışda uğurlar arzulamışdır.
Açılış tədbirində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov çıxış etmişlər. Keçirilən yarışda oğlanlar və qızlar arasında 2 yaş qrupunda nəticələrə görə mükafatlandırma olmuşdur. Yarışın qalibləri Gənclər və İdman Nazirliyinin diplomları və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının hədiyyə və mükafatları ilə (İdman geyimləri, idman çantaları və s.) təltif olunmuşlar. Keçirilən yarışda Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər institutunun, Naxçıvan Tibb Kollecinin, Naxçıvan Texniki Kollecinin, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan şəhər tam orta məktəblərinin ümumilikdə 150 idmançısı gücünü sınamışdır. İdman yarışını yerli mətbuat və informasiya orqanları işıqlandırmış, Səhiyyə Nazirliyinin həkim briqadası və DİN-nin DYP idarəsinin əməkdaşları müşaiyət etmişlər.