NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən Şərur rayon Tənənəm kəndində Qazma mağarasında 08 noyabr 2018-ci il tarixdə 9 noyabr "Dövlət Bayrağı Günü"nə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Şərur rayon fizika-riyaziyyat təmayüllü liseyin şagirdləri arasında spelio (mağara) idman yürüşü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçiriləcəkdir.

1 noyabr 2018-ci il tarixdə Babək qəsəbəsi Heydər Əliyev prospektində rayon tam orta məktəblərinin şagirdləri arasında 9 noyabr "Dövlət Bayrağı Günü”nə həsr olunmuş ekstremal idman yarışı üzrə rayon birinciliyi keçirilib. Babək Rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil Şöbəsinin və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının Babək Rayon Bölməsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 10 məktəbdən 60 şagird iştirak edib. Yarışdan əvvəl Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının Babək Rayon Bölməsinin nümayəndəsi Vəliqulu Həsənov çıxış edərək keçirilən tədbirin mahiyyətindən, hava və ekstremal idman növlərinin inkişaf etdirilməsindən, gənclərin ekstremal idman növlərinə marağının artırılması üçün məqsədyönlü proqramların həyata keçirilməsindən bəhs edib və idmançılara uğurlar arzulayıblar. Yarış əsasnaməyə uyğun olaraq 3000 metr məsafə üzrə təyin olunub. Yekunda oğlanlar arasında Vayxır kənd tam orta məktəbin şagirdləri Samurad Məmmədov I, Hüseyn Allahverdiyev II, Babək qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdi Yaqub Hacıyev III yerin, qızlar arasında isə Vayxır kənd tam orta məktəbin şagirdləri Şəlalə Cəfərli və Aysel Cəfərova, Hacıvar kənd tam orta məktəbin şagirdi Qumral Vəlizadə isə ardıcıl olaraq ilk üç yerin qalibi olublar. Yarışın qaliblərinə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.