Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan süni divaradırmanma idman növü üzrə muxtar respublika turniri keçirilib.
Birinciliyin açılış mərasimində çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov, Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Hafiz Yaqubov bildiriblər ki, son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və açıq idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bu imkanlardan istifadə edən gənclərimiz idman sahəsində də uğurlar qazanır, muxtar respublikanı Azərbaycan və dünya miqyasında keçirilən idman yarışlarında və çempionatlarda layiqincə təmsil edirlər.
60-a yaxın idmançının iştirak etdiyi birincilik gərgin idman mübarizəsi şəraitində keçirilib. Oğlanlardan Cavid Qasımov turnirin qalibi olub. Digər iki pillədə Xızır İsmayılov və Coşqun Əliyev qərarlaşıblar. Qızların mübarizəsində isə Fizzə Tağıyeva bütün rəqiblərini qabaqlayıb. İlkanə Babayeva ikinci, Cansu Abbasova isə üçüncü olublar. Sonda qaliblər mükafatlandırılıb.
2017-ci ilin oktyabr - noyabr aylarında Azərbatcan Respublikasının Dövlət müstəqilliyi günü bərpasının 26-cı ildönümünə həsr olunmuş velosiped yarışı üzrə Şərur və Culfa rayon birincilikləri keçirilmişdir.
Velosiped yarışında ümumilikdə, 235 nəfər idmançı gücünü sınamışdır. Keçirilən yarışın sonunda qaliblər mükafatlar və hədiyyələrlə təltif olunmuşlar.